Əsas səhifə \ Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirl...
03 apr, 2026 17:20

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində cari ilin 2 aprel tarixində  Nazirliyin Aparatının şöbə, sektor müdirlərinin, eyni zamanda tabeli qurumların aidiyyəti əməkdaşlarının iştirakı ilə Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov vurğulayıb ki, xalqın varlığında mənəvi dəyərləri əsas götürən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır və dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirir. Prezident İlham Əliyevin dövlətçiliyin inkişafı ilə bağlı apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasəti müstəqilliyimizin möhkəmlənməsi ilə səciyyələnir. Dövlətin əsas atributlarından olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlətçilik siyasətində həmişə önəmli yer tutub. Azərbaycan dilinin dövlət dili olaraq funksionallaşmasının, eləcə də beynəlxalq nüfuzunun qarşısını alan maneələr aradan qaldırılır. Xüsusilə, möhtərəm Prezident cənab İlham Əliyevin dövlət dilinin inkişafı ilə bağlı imzaladığı silsilə sərəncam və fərmanlar,  müxtəlif dövlət tədbirlərində çıxışları zamanı qeyd etdiyi dəyərli fikirlər bunu sübut edir. Dövlət dilinin ictimai nüfuzunun qaldırılması ilə bağlı aparılan siyasət milli ictimai təfəkkürü inkişaf etdirir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin dil siyasəti Azərbaycan dilini keçmişin mirası olmaqdan daha çox, gələcəyin müstəqillik qarantı kimi təqdim edir. Bu yanaşma dil məsələsini strateji milli təhlükəsizlik səviyyəsinə yüksəldir və hər bir vətəndaşın, xüsusən də ictimai rəyə təsir edən şəxslərin üzərinə ciddi məsuliyyət qoyur. Azərbaycan dili bu konsepsiyada milli müdafiə xətti və mədəni suverenliyin əsas dayağı kimi çıxış edir.

Tədbirdə sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun yerinə yetirilməsi barədə tədbir iştirakçılarına müvafiq tövsiyyələr verilib, ədəbi dilin forma və mərhələləri, Azərbaycan dilinin norma və üslubları, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub qaydaları barədə çıxışlar dinlənilib. 

Sonda Nazirliyin əməkdaşlarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

1080

Oxşar yazılar