ADEX

Sərginin məqsədi və əhəmiyyəti

“ADEX” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və digər dövlət rəsmilərinin iştirakı ilə 2014-cü ildən etibarən 2 ildən bir mütəmadi olaraq keçirilir. Cənubi Qafqaz regionunda ən böyük sərgi hesab olunan ADEX tədbiri ölkəmizin müdafiə qüdrətinin beynəlxalq müstəvidə nümayiş olunmasında ən böyük platforma rolunu oynayır.

“ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətləri üçün işgüzar əlaqələrin qurulması sahəsində unikal imkanlar yaradır. Bu sərgi dünyanın silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmağa, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamağa geniş şərait yaradır. Tədbirdə dünyanın onlarla ölkəsindən yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. “ADEX” müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri üçün təcrübə mübadiləsi aparmaları baxımından önəmli platformadır.

ADEX sərgilərində müxtəlif illərdə iştirak edən ölkələr və şirkətlər haqqında statistik məlumat:

2014-cü il: 34 ölkədən 192 şirkət, 22 rəsmi nümayəndə heyəti
2016-cı il: 34 ölkədən 176 şirkət, 29 rəsmi nümayəndə heyəti
2018-ci il: 29 ölkədən 224 şirkət, 34 rəsmi nümayəndə heyəti
2022-ci il: 34 ölkədən 208 şirkət, 33 rəsmi nümayəndə heyəti
2024-cü il: 37 ölkədən 218 şirkət,52 rəsmi nümayəndə heyəti

“ADEX” sərgisi ilə birlikdə “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgisi də keçirilir. Sərgi müasir avadanlıq modellərinin və inteqrasiya olunmuş təhlükəsizlik sistemlərinin, eləcə də hüquq-mühafizə, sərhəd, xilasetmə və xüsusi xidmət orqanlarının silahlarını nümayiş etdirmək üçün ideal platforma rolunu oynayan beynəlxalq tədbirdir.

“ADEX” və “Securex Caspian” sərgiləri Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və güc strukturlarının dəstəyi ilə həyata keçirilir.

2024-cü ildə keçirilən “ADEX” və “Securex Caspian” sərgilərində 37 ölkədən 218 şirkət, 52 ölkədən 9306 ziyarətçi, 24 ölkədən 33 hərbi nümayəndə və 14 ölkə milli pavilyonla iştirak etmişdir.

İştirak edən ölkələr: Azərbaycan Respublikası, Amerika Birləşmiş Ştatları, Belarus Respublikası, Belçika Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Bolqarıstan Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Böyük Lüksemburq Hersoqluğu, Burkina-Faso, Əlcəzair, Çin Xalq Respublikası, Çex Respublikası, Gürcüstan, Xorvatiya Respublikası, İordaniya Haşimilər Krallığı, İsrail Dövləti, İspaniya Krallığı, İtaliya Respublikası, Hindistan Respublikası, Koreya Respublikası, Küveyt Dövləti, Litva, Qazaxıstan Respublikası, Qətər Dövləti, Qırğızıstan Respublikası, Macarıstan, Malayziya, Mərakeş, Pakistan İslam Respublikası, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Serbiya Respublikası, Sinqapur, Slovakiya Respublikası, Somali, Türkmənistan, Türkiyə Respublikası, Ukrayna, Vyetnam Sosialist Respublikası.

2024-cü ildə sərgidə ilk dəfə olaraq milli pavilyonla iştirak edən ölkələr:

İtaliya Respublikası, Macarıstan, Qətər Dövləti və Slovakiya Respublikası.

Eyni zamanda, sərgidə ilk dəfə Macarıstan, Rumıniya və Sinqapur şirkətləri iştirak etmişdir.

Sözügedən sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus stendlərdə müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

ADEX sərgiləri

2026
2024