Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
04 Sentyabr, 2024 17:30 857

Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir

Sentyabrın 3-ü İordaniyanın Aqaba şəhərində 14-cü “Xüsusi Təyinatlı Əməliyyat Qüvvələri Sərgisi (SOFEX 2024)” və Yaxın Şərq Xüsusi Təyinatlı Qüvvələrin Komandirləri Konfransı” öz işinə başlayıb.

İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynin iştirak etdiyi sərginin açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sərgi çərçivəsində nazir müdafiə avadanlığı sahəsində dünyanın ən böyük istehsalçısı olan ölkələrin stendləri ilə tanış olub və rəsmi görüşlərdə iştirak edib.

Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qlobal miqyasda xüsusi əməliyyatlar, terrorizmə qarşı mübarizə, eləcə də milli təhlükəsizlik sahəsində istifadə olunan xüsusi avadanlıqların, təlimlərin və logistik xidmətlərin təqdimatına imkan yaradan “SOFEX 2024” sərgisi sentyabrın 5-dək davam edəcək.