Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
24 Fevral, 2024 14:00 1078

Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Fevralın 24-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini Bakıtbek Sıdıkov və sənaye və tikinti nazirinin müavini Azamat Beyspekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan V.Mustafayev onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqətdən, ölkəmizdə bu sahənin sürətli inkişafından bəhs edib.

V.Mustafayev qardaş türk xalqları arasında bir çox istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində də əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Səmimi qəbula görə minnətdarlıqlarını bildirən qonaqlar müdafiə sənayesi sahəsində Azərbaycanla ikitərəfli əlaqələrin bundan sonra daha da uğurla inkişaf etdiriləcəyindən əmin olduqlarını qeyd ediblər.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi, müəssisələr arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.