Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
05 Fevral, 2024 10:50 1235

Müdafiə Sənayesi Nazirliyi “World Defence Show-2024” sərgisində iştirak edir

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sərgisi fevralın 4-də öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.

Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri Xalid bin Salman Əl-Saud ilə görüşərək, sərgi ilə bağlı xoş diləklərini onun diqqətinə çatdırıb.

Nazir Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və digər ölkələrin qurumlarının stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalar ilə tanış olub.

Səfər çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb.

Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş etdirildiyi “World Defence Show-2024” sərgisi fevralın 8-i başa çatacaq.