Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 May, 2022 16:00 517

Müdafiə Sənayesi Nazirliyi “Teknofest” Aerokosmik və Texnologiya Festivalında iştirak edir

“Türkiyə Texnologiya Komandası” Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə Bakı Kristal Zalı və Dənizkənarı Bulvar ərazisində “Teknofest Azərbaycan 2022” Aerokosmik və Texnologiya Festivalı keçirilir.

“Türkiyə Texnologiya Komandası” Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunan və Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı “Teknofest”də Azərbaycan ilk dəfə 2021-ci ildən etibarən təmsil olunmağa başlayıb. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin təzahürüdür.

Festival dörd əsas hissədən: texnologiya müsabiqələri, “Take Off” Azərbaycan Startap Sammiti, açıq və qapalı məkanlarda sərgilər, hava şouları və əyləncə attraksiyonlarından ibarətdir.

Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin əməkdaşlarının iştirak etdikləri “Teknofest Azərbaycan 2022” festivalında MSN-in stendində “Orbiter-2B”, “Orbiter-3B”,“Orbiter-4”, “Orbiter-1KM”(İtiqovan) pilotsuz uçuş aparatları, “Gilavar” atış trenajoru, “Gürzə” Toyota HİLUX 4x4 avtomobili, “Gürzə” üzərində quraşdırılması nəzərdə tutulan asqılı operativ taktiki mobil dron müşahidə sistemi “Bayquş” və VTOL tipli kəşfiyyat məqsədli PUA “Turaz”, uzunmənzilli, dəyişən təkan vektorlu tilt rotor sistem üzərində qurulmuş, şaquli qalxma və enmə imkanına malik və çox məqsədli Pilotsuz Uçuş Aparatı, taktiki döyüş uçuş simulyatoru “Dəmir Yumruq” və “QFAB-250LG” qəlpəli fuqaslı aviasiya bombası nümayiş olunur.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi 21-26 sentyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Atatürk Beynəlxalq Hava Limanında keçirilmiş “Teknofest-2021” Festivalında da iştirak edərək Nazirliyin istehsalı olan bir çox pilotsuz uçuş aparatlarını nümayiş etdirib.

“Teknofest Azərbaycan” sərgisi 29 may tarixinədək davam edəcək.