Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
25 Fevral, 2023 10:00 948

MSN ETİ-nin “Qisas” komandası “Heydər Əliyev ili”nə həsr olunan “MİNAHACK” hakatonun qalibi olub

Qarabağın işğaldan azad olunmuş iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılması, riskli və təhlükəli ərazilərin minalardan təmizlənməsinə dair texnoloji ideyalar və “ağıllı” həllər təklif etmək məqsədilə Fevralın 24-ü Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun (ETİ) və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə “Heydər Əliyev ili”nə həsr olunan “MİNAHACK” hakatonun yekun tədbiri keçirilib. 2 gün davam edən hakatonda 12 universitet və Elmi Tədqiqat İnstitutunun 9 komandası iştirak edib.

Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, Müdafiə Sənayesi Nazirliyinin ETİ-nin direktoru, professor Mürsəl Əliyev, “Bank of Baku”nun İdarə Heyətinin sədri Yunus Əmrə Filizoğlu çıxış ediblər.

Çıxışlar zamanı Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün yeni yanaşmalarla müasir texnologiyaların tətbiqinə ehtiyac olduğu bildirilərək problemin həllinə məhz gənclərin töhfə verə biləcəkləri vurğulanıb.

Eyni zamanda qeyd olunub ki, dünyanın sürətlə inkişaf etdiyi bu dövrdə yüksək texnologiyalar, bilik, təcrübə və savad olmadan müasir texniki həllərin, o cümlədən mütərəqqi layihələrin həyata keçirilməsi çox çətinləşib. Bu səbəblə müasir gənclər daima öz peşəkarlıq səviyyələrini artırmalı və milli ruhda tərbiyə olunmalıdırlar ki, gələcəkdə dövlətin mənafeyini, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.

Tədbirin sonunda qalib komandalar açıqlanıb. Birinci yerə MSN ETİ-nin “Qisas” komandası layiq görülüb. Qalib komandanın mütərrəqi ideyalar və elmi yanaşmalar əsasında hazırladığı layihənin tədbiqi ilə gələcəkdə riskli və təhlükəli ərazilərdə yerləşdirilmiş partlamamış hərbi sursatların və minaların tərkibində olan partladıcı maddələri aşkar etmək mümkün olacaqdır.

“MİNAHACK” hakatonunun digər qaliblərinə kubok, hədiyyə, pul mükafatı və sertifikatlar təqdim edilib.