Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
25 Aprel, 2023 12:00 1074

Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan” qəzeti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan” qəzeti birgə konfrans keçirib.

Elmi-Tədqiqat İnstitutunda baş tutan konfransda Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, Nazirliyin şöbə müdiri Məmmədsaleh Əliyev, ETİ-nin direktoru professor Mürsəl Əliyev və hər iki qurumun məsul əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib.

Daha sonra ETİ-nin direktoru, professor Mürsəl Əliyev “Azərbaycanın zəfər salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə”, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Xilaskar, Müzəffər Komandan”, Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev "Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi" mövzusunda çıxışlar ediblər.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyəti dövründə Azərbaycan dövlətinin və xalqının gələcək rifahı naminə həyata keçirdiyi müstəsna xidmətlərdən bəhs edilib. Bildirilib ki, adını tarixə xalqın xilaskarı, müasir Azərbaycanın memarı və qurucusu kimi yazdırmış Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə intibah mərhələsinə qədəm qoyub.

Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın dövlətçilik tarixinin və hərbi salnaməsinin şərəfli səhifəsini təşkil edən 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin qazanılmasında Müdafiə Sənayesi Nazirliyinin rolundan bəhs edilib, Nazirliyin istehsal etdiyi silah və sursatların bu sınaqdan layiqincə çıxdığı diqqətə çatdırılıb.