Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 İyun, 2025 17:30 661

Tələbələr istehsalat prosesi ilə tanış olublar

İyunun 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin birinci kurs tələbələri üçün MSN-in müəssisələrindən birinə infotur təşkil edilib. İnfoturda 20-ə yaxın tələbə iştirak edib.

Əvvəlcə iştirakçılar müəssisənin ərazisində ucaldılmış müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tələbələrə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müdafiə sənayesi sahəsində əldə olunmuş nailiyyətlər və milli hərbi sənaye potensialımızın inkişafı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, MSN-in müəssisələrində istehsal olunan müxtəlif növ silahlar, döyüş sursatı və texniki avadanlıqlar Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının effektivliyini artıraraq şanlı Qələbənin əldə edilməsinə mühüm töhfə verib.

Sonra infotur iştirakçıları istehsalat prosesi ilə tanış olublar. MSN-in mütəxəssisləri onların suallarını cavablandırıblar.

Tələbələr infoturun yüksək səviyyədə təşkilinə görə MSN-in rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, AzTU-nun "Xüsusi texnika və texnologiya" fakültəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı və MSN-in təşəbbüsü əsasında müdafiə sənayesi sahəsində ixtisaslı kadrların hazırlığı məqsədilə 2012-ci ildən fəaliyyət göstərir.