Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
31 Yanvar, 2020 17:25 2278

Müdafiə Sənayesi Nazirliyində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

     2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Müdafiə Sənayesi Nazirliyində tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan nazir Mədət Quliyev çıxışı zamanı Nazirlikdə çalışan gənc əməkdaşları bu əlamətdar gün münasibəti ilə təbrik edib.

     Ulu Öndər Heydər Əliyev həm Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə, həm də Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra ölkə gənclərinə daima xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsidir ki, vaxtilə minlərlə gənc SSRİ-nin ali təhsil ocaqlarında təhsil alaraq ölkəmizə qayıtmış, öz bilik və bacarıqlarını Azərbaycanın inkişafına yönəltmişlər.

     Ümummilli Lider Azərbaycanın siyasi rəhbərliyinə ikinci qayıdışından sonra da gənclərə, onların təhsilinə və inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına, gənclər siyasətinə ənənəvi olaraq xüsusi diqqət yetirib. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləməkdədir. Dövlət başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, onların problemlərinin həlli istiqamətində işlər görür, bölgələrdə gənclər üçün lazımi infrastrukturun və gənclər təşkilatlarının inkişafına əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atır. Minlərlə istedadlı gəncimiz dünyanın qabaqcıl universitetlərində dövlət hesabına təhsil alır, bacarıqlı gənclər irəli çəkilir, onların sosial məişət problemlərinə xüsusi qayğı və diqqətlə yanaşılır.

     Nazir vurğulayıb ki, 2020-ci ilin “Könüllülər ili” elan olunması Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqətin təzahürüdür. Könüllülük hərəkatının daha da artması cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edəcək və gənclərin inkişafına böyük töhfələr verəcəkdir. “Könüllülər ili” çərçivəsində Müdafiə Sənayesi Nazirliyində gənclər üçün müəssisələrdə təcrübə keçməyə, özlərini sınamağa, sosial məsuliyyət hisslərini artırmağa şərait yaradılacaq.

     Tədbirin sonunda Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan qabaqcıl gənc kadrlar fəxri fərman, “Qabaqcıl işçi” döş nişanı və pul mükafatı ilə təltif olunublar.