Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 Fevral, 2020 14:00 815

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

    Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, ermənilərin törətdiyi hücum zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və vəhşicəsinə işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

     Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.

     Prezident İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində xüsusi işlər görməkdədir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.

    Erməni təcavüzkarlarının törətdikləri bu vəhşiliklər yaddaşlardan heç zaman silinməyəcək. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayətdir.

    Heç kim unudulmur, heç nə yaddan çıxmır!

    Tədbirin sonunda Nazirliyin kollektivi Xocalı Soyqırımının qurbanlarına həsr edilmiş “Sonsuz Dəhliz” sənədli filmini izləyiblər.