Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirir

19.12.2018 12:17

Dekabrın 18-də Ankarada başlayan Azərbaycan-Türkiyə XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirir.

Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilir.

Hərbi dialoq çərçivəsində 2019-cu il üzrə fəaliyyət planının razılaşdırılması da nəzərdə tutulur.

XI Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 20-dək davam edəcək.

Yaxın zamanlarda Ankarada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Cumhuriyyətinin aidiyyəti qurumları arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi planlaşdırılır.

Zirvə görüşü sentyabrda Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində əldə olunmuş razılığa əsasən reallaşacaq.

 




Oxunub: 2639