Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2017-ci ilin birinci yarımilinin yekunlarına dair səyyar kollegiya iclası keçirildi

31.07.2017

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.

Kollegiyanın sədri Yavər Camalov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən siyasət nəticəsində həyata keçirilən qlobal  islahatların yekunu olaraq iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələr əldə edildiyini bildirdi. Qeyd etdi ki, son illər yürüdülən iqtisadi strategiya əsasında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələnməsində, xüsusilə, iqtisadiyyatın qeyri - neft sektorunun inkişafında öz müsbət təsirini göstərmişdir. Aparılan islahatlar nəticəsində böyük uğurlar əldə edilən inkişaf sahələrindən biri də qısa zaman içində özünün inkişaf tempi ilə illərin təcrübəsini qazanmış istehsal sahələrindən heç də geri qalmadığını göstərən və bugünkü göstəriciləri ilə sanki nünunəyə çevrilən müdafiə sənayesi sahəsidir.

Nazir Yavər Camalov cari ilin iyun ayında, Silahlı Qüvvələr günü ərəfəsində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən iki yeni istehsal zavodunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin nazirliyin yaradılması və fəaliyyəti ilə bağlı söylədiyi dəyərli fikirləri: “Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik.” bir daha diqqətə çatdırdı. Bildirdi ki, ölkə başçısı tərəfindən söylənilmiş bu dəyərli sözlər sahənin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərə verilən ən yüksək qiymətdir.

Nazir qeyd etdi ki, hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunaraq Müdafiə Nazirliyi və digər güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artmışdır. Birinci yarım ildə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz artmışdır. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılmışdır.

Hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının yaradılması və istehsalı üzrə işlər uğurla başa çatdırılmış, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilmişdir. Hazırda, zirehli maşının seriyalı istehsalının həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, nazirliyin müəssisələri tərəfindən iki məmulat üzrə -”Yalquzaq” snayper tüfənginin və F-1 tipli təlim əl qumbarasının istehsalat hazırlığı işləri tam başa çatdırılmış və seriyalı istehsalı təşkil olunmuşdur. Bunlarla yanaşı, cari ilin sonunadək xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, avtomatların, müxtəlif tipli artilleriya atəş yığımlarının, VOQ-25P tipli atəş yığımının, artilleriya mərmiləri üçün partladıcıların və s. məmulatların silahlanmaya tövsiyyə edilməsi nəzərdə tutulur.

Birinci yarımildə istehsal olunan ümumi məhsulun 92 faizini müdafiə və xüsusi təyinatlı, 8 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir.

Ölkə prezidentinin tapşırığına əsasən idxalının yerli istehsalla əvəzlənməsi məqsədi ilə respublikanın müvafiq qurumlarının sifarişləri əsasında illik istehsal gücü 3000 ədəd olan “Dalma” tipli dərinlik su nasoslarının müəssisədə istehsalı sahəsi yaradılmış və məmulatın istehsal edilərək sifarişçilərə təhvil verilməsinə başlanmışdır.

Hesabat dövründə nazirliyin qarşısında duran əsas prioritet məsələlərdən biri də dünyanın inkişaf etmiş ölkələrinin hərbi sənaye kompleksinə daxil olan şirkət və firmalarla mövcud əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni əlaqələrin yaradılması olmuşdur. Bu istiqamətdə aparılan danışıqların nəticəsidir ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan milli məhsullar beynəlxalq müdafiə sərgilərində nümayiş etdirilir. Belə sərgilərdən biri də cari ilin may ayında Türkiyədə keçirilən “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisi olmuşdur. Bu sərgidə Müdafiə Sənayesi Nazirliyi 260 adda müdafiə və xüsusi təyinalı məmulatla təmsil olunmuşdur.

Ölkədə ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı Müdafiə Sənayesi Nazirliyində də məqsədyönlü işlər aparılır. Bu gün nazirliyin müəssisələrində yaradılan və istehsal olunan xüsusi təyinatlı məhsullarlardan - döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) 2017-ci ildə yerinə yetirilməsi nəzərdə tutulan 31 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) cari ildə yerinə yetirilməsi nəzərdə tutulan 34 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri aparılır.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Azərbaycan Texniki Universitetində yaradılan “Xüsusi texnika və texnologiyalar” fakültəsini bu il bitirmiş məzunlardan 54-ü nazirliyin müəssisələrində işlə təmin edilmişdir.

Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənildi və müəssisələrin fəaliyyətləri müzakirə edildi.

Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini  bildirdi.

Sonda nazir Yavər Camalov ölkənin müdafiə sənayesinin Prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu bir daha xatırlatdı və sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verdi.




Oxunub: 1093