Yanvarın 28-də Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə 2009-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirildi.
İclası açan nazir Yavər Camalov 2009-cu ilin ümumi respublika üzrə uğurlu il olduğunu bildirdi. Ötən ilin tarixə maliyyə-iqtisadi böhranı ili kimi düşdüyünü qeyd edən nazir Azərbaycanın bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxdığını iclas iştirakçılarının diqqətinə çatdırdı.
Ötən ilin iqtisadi göstəricilərinə görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Dünya dövlətlərinin böhrandan əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının artan sürətlə inkişaf etməsini nazir ölkədə aparılan sosial-iqtisadi islahatların nəticəsi kimi qiymətləndirdi.
Nazir 2009 – cu ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yadda qalan il olduğunu bildirdi.
Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün 2009-cu ildə də nazirliyin müəssisələrində yeni istehsal sahələri yaradıldı.
2008-ci illə müqayisədə ötən il nazirlik üzrə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi isə 20 faiz artmışdır. Ümumilikdə 586 adda məmulat istehsal edilmişdir ki, bunun da 350-si müdafiə təyinatlı məmulatlardır.
Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin firma və şirkətləri ilə sıx əməkdaşlıq edir.
Nazir müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev 2009-cu il üzrə nazirliyin tabeli birlik və müəssisələrinin istehsal, elm, maliyyə, sosial və digər sahələrdə fəaliyyətinin yekunları barədə məlumat verdikdən sonra tabeli birlik və müəssisələrin fəaliyyəti haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənildi.
Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş içlasında ölkə prezidenti cənab İlham Əliyevin nazirliyin fəaliyyəti ilə bağlı söylədiyi yüksək fikirləri bir daha iclas iştirakçılarına xatırlatdı və qeyd etdi ki, Ali Baş Komandanın ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi üçün kollektiv bütün gücünü səfərbər etməlidir.